info@azerittifaq.az

Azərbaycanda Kooperasiya 1888-ci ildə Şamaxıda (Çuxuryurdda) və Xankəndində ilk kooperativlər yarandıqdan sonra təşəkkül tapmış, sonradan bütün regionları əhatə etmişdir. Kooperativlər fəaliyyətlərini mərkəzləmiş qaydada idarə etmək üçün 1915-ci ildə “Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti” adlı ittifaq təsis etmişlər. 1920-ci ildə bu ittifaqın bazasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı – “Azərittifaq” təsis olunmuşdur.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1996-cı ildə “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və kooperativlərin fəaliyyətini bu qanuna uyğun qurmaq üçün Azərittifaqın 1997-ci ildə keçirilən növbədənkənar XIX qurultayı Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul etmiş, ittifaqın qısaldılmış adı – “Azərittifaq” kimi saxlanılmışdır.

Ölkənin bütün şəhərlərində və rayonlarında kooperativ təşkilatları, onların əksəriyyətinin nəzdində ictimai iaşə müəssisələri birlikləri, kooperativ sənaye ticarət birlikləri fəaliyyət göstərir. Quba, Beyləqan, Saatlı, Kürdəmir rayonlarında bilavasitə Azərittifaqın tabeliyində olan Aqrar Kooperativ Sənaye Ticarət Birliyi – “Aqrokoop” fəaliyyət göstərir. Azərittifaq öz fəaliyyətini 2003-cü ildə XX qurultayda qəbul olunaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, Nizamnaməyə uyğun həyata keçirir.

Azərittifaqın tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlər göstərilməsini həyata keçirirlər. Azərittifaqın təsisçiləri ilə yaradılan Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci ölkəmizdə iqtisadyönümlü mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindəndir.

Azərittifaqın ali idarəetmə orqanı onun Qurultayıdır. Qurultaylararası dövrdə idarəetmə Azərittifaqın Şurası tərəfindən həyata keçirilir. Sistemin fəaliyyətini cari rəhbərliyi kollegial orqan və şura tərəfindən seçilən idarə heyəti həyata keçirir.

Close Menu